Kəlağayı- ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi.
Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.
Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta”, Xırda buta çeşnilərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır.
Yeri gəlmişkən qeyd edək ki, kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.
{lang_sos}